Tez-tez verilən suallar
Burada xəstələrin ən çox verdiyi suallara qısa cavablar toplanıb. Cavablar ümumi məlumat xarakteri daşıyır. Sizin vəziyyətinizə uyğun qərar müayinədən sonra verilir.
Qəbul və müayinə
Həkim-fizioterapevt fizioterapistdən nə ilə fərqlənir?
Samir Cəlilov həkimdir: fiziki tibb və reabilitasiya üzrə uzmanlıq təhsili alıb. Müayinə edir, diaqnozu dəqiqləşdirir, lazım olduqda əlavə müayinə təyin edir, inyeksiyaları özü icra edir və reabilitasiya planını qurur. Fizioterapistlər isə məşq və fiziki müalicə seanslarını aparan mütəxəssislərdir. Reabilitasiya çox vaxt onların birgə işi ilə aparılır.
İlk qəbula nə gətirməliyəm?
MRT, KT, rentgen görüntüləri və rəyləri, əməliyyat protokolu və epikriz, qəbul etdiyiniz dərmanların siyahısı. Qanı durulaşdıran dərmanları mütləq qeyd edin. Rahat geyim geyinin.
İlk qəbulda nə baş verir?
Şikayətinizin tarixçəsi soruşulur, klinik müayinə aparılır, lazım olduqda əzələ və oynaqlara ultrasəs müayinəsi edilir. Sonra diaqnoz, əlavə müayinəyə ehtiyac və müalicə planı sizinlə müzakirə olunur.
Neçə seans lazım olacaq?
Seansların sayı diaqnozdan, xəstəliyin mərhələsindən və müalicəyə cavabdan asılıdır. Plan qəbulda razılaşdırılır, nəzarət müayinələrində yenidən qiymətləndirilir.
Qəbul harada və hansı saatlarda aparılır?
Samir Cəlilov Bakıda, Badamdar qəsəbəsində, Mikayıl Müşfiq küçəsi 2A ünvanında yerləşən Avropa Beynəlxalq Hospitalda 09:00–16:00 arası qəbul edir. Qəbul vaxtını əvvəlcədən qəbul xəttinə zəng edərək razılaşdırın.
Bel və boyun
Hər bel ağrısında MRT lazımdırmı?
Xeyr. Təhlükəli əlamətlər yoxdursa, kəskin bel ağrısının çoxunda dərhal MRT tələb olunmur. Ayaqda güc itkisi, sidik ifrazının pozulması, travma, qızdırma və ya uzun sürən ağrı olduqda müayinəyə həkim qərar verir.
Bel yırtığında nə vaxt əməliyyat lazımdır?
Ayaqda artan güc itkisi, davamlı keyimə, sidik və ya nəcis ifrazına nəzarətin pozulması, yaxud konservativ müalicəyə baxmayaraq bir neçə həftə ərzində azalmayan şiddətli ağrı olduqda. Sidik və nəcis ifrazının pozulması təcili vəziyyətdir.
Bel ağrısını böyrək sancısından necə ayırmaq olar?
Böyrək sancısı adətən yandan başlayır, dalğa şəklində gəlir, sidikdə dəyişiklik və ürəkbulanma ilə müşayiət olunur. Onurğa mənşəli ağrı isə daha çox oturmaq, əyilmək və hərəkətlə dəyişir. Şübhə olduqda həkimə müraciət edin.
Keysəriyyədən sonra bel ağrısı normaldırmı?
Keysəriyyədən sonra bəzi qadınlarda bel ağrısı olur. Səbəbləri bərpa prosesi, qarın və bel əzələlərinin zəifləməsi, duruşun dəyişməsi və körpəyə qulluq zamanı bel nahiyəsinə düşən əlavə yükdür. Ağrı uzun sürürsə və ya şiddətlidirsə, həkim tərəfindən qiymətləndirilməlidir.
İnyeksiyalar
İnyeksiyadan sonra işə qayıtmaq olarmı?
Çox vaxt gündəlik fəaliyyətə həmin gün qayıdılır. İnyeksiya edilən nahiyə bir-iki gün ağır yükdən qorunmalıdır. Artan ağrı, qızartı və ya qızdırma olarsa, həkimə müraciət edin.
Hialuron turşusu inyeksiyası neçə dəfə edilir?
Sayı və intervalı istifadə olunan preparatdan, artrozun mərhələsindən və əvvəlki inyeksiyanın təsirindən asılıdır. Təkrar inyeksiya ehtiyacını həkim nəzarət müayinəsində qiymətləndirir.
Botoks uşaqlar üçün təhlükəlidirmi?
Botulinum toksini uşaqlarda da spastikliyin müalicəsində istifadə olunur. Doza uşağın çəkisinə və seçilən əzələlərə görə hesablanır. Hər tibbi prosedur kimi riskləri var. Onlar prosedurdan əvvəl valideynlərə ətraflı izah olunur.
Uşaqlar və skolioz
Skoliozu nə vaxt həkimə göstərmək lazımdır?
Çiyinlərin səviyyəsi fərqlidirsə, kürək sümüklərindən biri çıxıq görünürsə, bel xəttində asimmetriya varsa və ya uşaq önə əyiləndə kürəyin bir tərəfi qabarırsa. Böyümə dövründə əyrilik sürətlə arta bildiyi üçün müayinəni təxirə salmayın.
Skoliozlu uşaq idmanla məşğul ola bilərmi?
Əksər hallarda bəli, fiziki aktivlik təşviq olunur. Amma adi idman skolioza xüsusi məşqləri əvəz etmir. Hansı idman növünün uyğun olduğunu həkim əyriliyin xüsusiyyətinə görə deyir.
Uşaqlarda diz ağrısı nə vaxt narahatlıq yaratmalıdır?
Uşaqlarda diz ağrısı böyümə dövrü, artan idman yükü, duruş xətaları və yüngül travmalarla bağlı ola bilər. Ağrı davamlıdırsa, şişkinlik, axsama, hərəkət məhdudluğu, gecə ağrısı və ya qızdırma varsa, həkim müayinəsi lazımdır.
Oynaqlar
Dizdən səs gəlməsi normaldırmı?
Ağrısız «xırıltı» və «şıqqıltı» çox vaxt zərərsizdir. Səs ağrı, şişkinlik, kilidlənmə və ya dizin boşalması hissi ilə müşayiət olunursa, müayinə lazımdır.
Soyuq havada oynaq ağrılarım artır. Nə etməliyəm?
Bəzi insanlar, xüsusilə artrozu və köhnə zədəsi olanlar, soyuq və rütubətli havada ağrının və sərtliyin artdığını hiss edirlər. Hərəkətli qalmaq, yüngül isinmə məşqləri etmək və bədəni isti saxlamaq kömək edir. Ağrı uzun sürürsə, müayinədən keçin.
Bu sözə uyğun sual tapılmadı. Başqa sözlə yoxlayın və ya saytda ümumi axtarışdan istifadə edin.